BAKI, 26 oktyabr. TELEQRAF

Bakı ilə Daşkənd arasında elmi və mədəni əlaqələr güclənir.

Teleqraf xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bu gün Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransda bildirib.

O qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir: “Bu prosesdə hər iki ölkənin Prezidentləri Şavkat Mirziyoyev və İlham Əliyev arasında konstruktiv dialoq mühüm rol oynayır”.

Səfir elmlər akademiyaları, universitetlər, muzeylər və tədqiqat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin, ortaq tarixi irsin birgə araşdırılmasının və gənc tədqiqatçıların dəstəklənməsinin vacibliyini vurğulayıb: “Diplomatiya qapıları açır, elm körpülər qurur, mədəniyyət isə qəlbləri birləşdirir”.

O, Bakı ilə Daşkənd arasında elmi, mədəni və humanitar əlaqələrin daha da güclənəcəyinə əminliyini ifadə edib.