BAKI, 26 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp əmr verəcəyi təqdirdə, Yaxın Şərqdəki Amerika qüvvələri 96 saat ərzində İrana qarşı yeni və genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, regionda belə hücumları həyata keçirmək üçün kifayət qədər hərbi qüvvə artıq yerləşdirilib. Mənbələr bildiriblər ki, kampaniya ABŞ-nin 2026-cı ilin əvvəlində genişmiqyaslı döyüş əməliyyatlarını dayandırmasından sonra həyata keçirilən radar stansiyalarına, raket buraxılış qurğularına və digər obyektlərə qarşı məhdud zərbələrlə kifayətlənməyə bilər.
Rəsmilər vurğulayıblar ki, əsas məsələ hücum əmri verilib-verilməyəcəyi deyil, bunun nə vaxt baş verəcəyidir. Onların ehtimalına görə, bu, ilin sonunadək baş verə bilər. Amma daha çox noyabrın 3-də ABŞ-də aralıq seçkilərdən sonra baş verəcəyi gözlənilir. Bununla belə, Tramp hələ yekun qərar qəbul etməyib.
CNN-in məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) və Pentaqon artıq İranın enerji infrastrukturu, hərbi obyektləri və nüvə obyektlərini əhatə edən geniş hədəf siyahısı hazırlayıb.
ABŞ kəşfiyyatının qiymətləndirmələrinə əsasən, hücum baş verəcəyi təqdirdə İran və Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) dərhal cavab zərbələri endirəcəklər. Hədəflər arasında regionda və onun hüdudlarından kənarda yerləşən ABŞ hərbçiləri və obyektləri ola bilər.