BAKI, 26 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun xahişinə baxmayaraq, yəhudi dövlətində keçiriləcək seçkilərdən əvvəl İrana İsraillə birgə vurmağa razılıq verməyib.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ və İsrail mənbələrinə istinadla məlumat yayıb.
“Netanyahu Trampı İranı birgə vurmağın zəruriliyinə inandırmağa çox çalışırdı, hücumun seçkilərdən əvvəl həyata keçirilməsini istəyirdi, amma ABŞ Prezidenti razılaşmadı”, - İsrail rəsmisi telekanala deyib.
Mənbənin sözlərinə görə, bunun səbəblərindən biri İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin xəbərdarlığı olub. O, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyni xəbərdar edib ki, hücum İsraildə keçiriləcək seçkilərə mənfi təsir göstərə və onların təxirə salınmasına səbəb ola bilər.
CNN-in həmsöhbətlərinin məlumatına görə, İsrail son həftələrdə İrana hücuma hazırlaşır və ABŞ rəsmiləri arasında bu zərbələrin həyata keçirilməsi üçün fəal lobbiçilik edirdi. Amma hazırda İsrail planlarını təxirə salıb və çox güman ki, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra Amerika ilə birgə əməliyyatlara hazırlaşır.
Mənbələr qeyd ediblər ki, İsrail hücumun təxirə salınmasına qismən ona görə razılaşıb ki, raketdən müdafiə sahəsində ABŞ-nin dəstəyinə ehtiyac duyur.