BAKI, 26 oktyabr. TELEQRAF
Bakı Mədəniyyətlərarası Dialoq Forumu özü-özlüyündə çox önəmli platformadır və burada dünyanın müxtəlif ölkələrindən nümayəndələr, ekspertlər iştirak edirlər. Hesab edirəm ki, beynəlxalq səviyyədə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq edilməsi baxımından çox unikal əhəmiyyətə malikdir.
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının tədbir çərçivəsində işğaldan azad olunan ərazilərə planlaşdırılan səfərinə də toxunub: "Azərbaycanda keçirilən beynəlxalq tədbirlər çərçivəsində müxtəlif bölgələrimizə, o cümlədən Qarabağ və Şərqi Zəngəzura səfərlər təşkil olunur. Ölkəmizə səfər edən qonaqlar işğaldan azad olunduqdan sonra torpaqlarımızda aparılan bərpa və quruculuq işləri, eyni zamanda Azərbaycanın öz səyləri ilə mədəni və dini abidələri necə qoruması, onların bərpa olunması konsepsiyaları ilə yaxından tanış olmaq imkanı əldə edirlər".
Qeyd edək ki, 27–29 oktyabr tarixlərində Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.