BAKI, 16 iyun. TELEQRAF

ABŞ-İran razılaşmasından sonra Hörmüz boğazında gəmi nəqliyyatının bərpası bir neçə həftədən bir aya qədər vaxt apara bilər.

Teleqraf xəbər verir ki, bu barədə dünyanın ən böyük tanker donanması operatoru olan “Mitsui OSK Lines” şirkətinin rəhbəri Zetaro Tamura “Financial Times”a (FT) deyib.

O bildirib ki, gəmiçilik şirkətləri normal əməliyyatlara qayıtmağa tələsmir, əldə edilən razılaşmaların boğazdan təhlükəsiz keçidi təmin edib-etməyəcəyinin təsdiqini gözləyəcəklər. Tamura qeyd edib ki, bunun ən azı bir neçə həftə, bəlkə də bir ay çəkəcəyini düşünmək məntiqlidir.

“Financial Times”ın məlumatına görə, yüzlərlə gəmi boğazda təhlükəsiz keçidi gözləyir.

Xatırladaq ki, bundan əvvəl ABŞ, İran və vasitəçi Pakistan Vaşinqton və Tehran arasında hərbi əməliyyatların dayandırılması məqsədi daşıyan razılaşmanı təsdiqləyib. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.