BAKI, 18 may. TELEQRAF
İran zənginləşdirilmiş uran ehtiyatının ABŞ-yə yox, Rusiyaya göndərilməsinə razılıq verib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” Tehranın Vaşinqtonla münaqişənin həlli üçün yenidən işlənmiş razılaşma layihəsinə istinadla məlumat yayıb.
Kanalın məlumatına görə, yenidən işlənmiş layihədə İranın müəyyən şərtlər altında zənginləşdirilmiş uranı Vaşinqtonun tələbi ilə ABŞ-yə deyil, Rusiyaya verməyə hazır olduğu qeyd olunur. Konkret təfərrüatlar verilməyib. Bundan əlavə, kanal bildirib ki, İran müharibə zamanı dəymiş ziyana görə ABŞ-dən təzminat tələbindən imtina edə bilər, amma Tehran Vaşinqtondan iqtisadi güzəştlər istəmək niyyətindədir.
Həmçinin vurğulanıb ki, İran Oman və Pakistanın Hörmüz boğazı ətrafında yaranan istənilən münaqişədə əhəmiyyətli rol oynamasını istəyir və ABŞ ilə potensial razılaşmaya beynəlxalq ictimaiyyət tərəfindən zəmanət verilməlidir.
“Al Hadath” Tehranın nüvə proqramı məsələsini Hörmüz boğazından ayırmağa çalışdığını və nüvə proqramının tamamilə ləğvi əvəzinə uzunmüddətli dondurulmasını təmin etmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Pakistan bu gün İranın münaqişənin dayandırılması üzrə yenidən işlənmiş təkliflərini ABŞ-yə təqdim edib.