BAKI, 23 mart. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi Türkiyə xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Telefon danışığı zamanı regional hadisələr və ABŞ ilə İsrailin İrana qarşı müharibəsi müzakirə olunub.
Ərazçi iddia edib ki, İranın ABŞ-nin region ölkələrindəki hərbi bazaları və obyektlərinə qarşı addımları “özünümüdafiə hüququ”na uyğundur.
“Hörmüz boğazı ilə bağlı yaranan təhlükəli durum ABŞ və İsrailin hərbi təcavüzünün birbaşa nəticəsidir, region və dünya ölkələri buna səbəb olanları cinayət məsuliyyətinə cəlb etməlidirlər”, - İran xarici işlər naziri vurğulayıb.
Hakan Fidan da İranla region ölkələri arasında gərginliyin azaldılması və münasibətlərin gücləndirilməsi üçün çalışmağın vacibliyini vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hava hücumu başlayandan bəri Türkiyə ərazisi üç dəfə qonşu ölkənin ballistik raket hücumuna məruz qalıb. Rəsmi Ankara baş verənlərə görə İrana xəbərdarlıq edərək, Tehran hücumların məsuliyyətini üzərinə götürməyib.