BAKI, 17 mart. TELEQRAF

İsrail müdafiə naziri İsrael Kats İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehrana hava hücumu zamanı öldürüldüyünü təsdiqləyib.

Teleqraf xəbər verir ki, İranın “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymaninin də məhv edildiyini açıqlayıb.

“Laricani və “Bəsic” komandanı məhv edilib, Xamenei və bütün məhv edilmiş şər qüvvələrinin üzvləri ilə birlikdə cəhənnəmin dərinliklərinə göndəriliblər.

ABŞ Prezidenti Tramp İran rəhbərliyində yüksək vəzifəlilərin dəyişdirilməsindən danışır. Vaşinqton saatı ilə səhər açıldıqda ona xəbər verəcəyik ki, bu proses tam sürətlə davam edir və iki yüksək vəzifəli şəxsin zərərsizləşdirilməsi nəticəsində daha da artıb”, - İsrael Kats vurğulayıb.

Müdafiə naziri əlavə edib ki, o və Baş nazir Benyamin Netanyahunun əmri ilə İsrail ordusu İrandakı rejimin rəhbərlərini ovlamağa davam edəcək, “osminoq”un başını kəsəcək və onun yenidən böyüməsinə imkan verməyəcək.

***

12:53

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünə dair inanc artır.

Teleqraf xəbər verir ki, bu barədə AP mənbələrə istinadla məlumat yayıb.

“Onun bu hücumdan salamat çıxması ehtimalı yoxdur”, - mənbə agentliyə bildirib.

***

11:57

İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricanı gecə saatlarında Tehranda İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalan hədəflər arasında olub.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

“Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymaniyə qarşı da sui-qəsd cəhdi edilib.

Əli Laricani və Qulamrza Süleymaninin hücumdan salamat çıxıb-çıxmadıqları dəqiqləşdirilməyib, əməliyyatın nəticələrinin araşdırıldığı bildirilib.

Məlumatda qeyd edilib ki, Ali Təhlükəsizlik Şurasının katibi İran sistemində Ali rəhbər Müctəba Xameneidən sonra ən nüfuzlu ikinci şəxsdir. Son günlərdə Laricaninin proseslərdən bir qədər kənarda qaldığı və onunla İranın ali rəhbərliyi arasında konflikt və fikir ayrılıqlarının olduğu vurğulanıb.

Qulamrza Süleymani isə “İran vətəndaşlarına qarşı sərt repressiyalara görə məsul olan bölmənin komandanı” kimi xarakterizə olunub.

İran rəsmiləri hələlik bu xəbərlərə reaksiya verməyiblər.