BAKI, 11 mart. TELEQRAF
İranın yeni Ali rəhbəri Müctəba Xamenei müharibənin ilk günündə yaralanıb. Hazırda onun sağlamlıq durumu tam aydın deyil.
Teleqraf xəbər verir ki, bu barədə “New York Times” ABŞ və İran mənbələrinə istinadla məlumat yayıb.
Nəşr yazıb ki, Müctəba Tehrana hücum zamanı öldürülmüş atası Əli Xameneinin varisi və ya İranın ali rəhbəri elan edildikdən sonra hələ də ictimaiyyət qarşısına çıxmayıb, video yayımlamayıb və yazılı açıqlama verməyib. İran mənbələri bildiriblər ki, bunun bir səbəbi İsrailin onu öldürməklə hədələməsindən və ABŞ Prezidenti Donald Trampın özünün də buna işarə etməsindən sonra istənilən media məlumatının onun yerini ifşa edə və həyatını təhlükəyə ata biləcəyindən qorxmasıdır.
İran rəsmiləri onun ictimaiyyət arasına çıxmamasının başqa bir səbəbinin də olduğunu deyiblər: “Müctəba Xamenei İsrail və ABŞ-nin İrana hücumunun ilk günündə yaralanıb”.
Eyni mənbələrə görə, son iki gündə yüksək vəzifəli hökumət rəsmiləri onlara 56 yaşlı Müctəba Xameneinin ağır yaralandığını söyləyiblər. Amma rəsmilər yeni liderin huşunun yerində və ünsiyyətin məhdud olduğu təhlükəsiz yerdə olduğunu deyiblər.

Xəsarətin tam dərəcəsi hələ də bəlli deyil.
Yeni liderin atası Əli Xamenei İsrailin fevralın 28-də Tehranın mərkəzindəki rəhbərlik kompleksinə hava hücumu nəticəsində ölüb. Müctəbanın anası, həyat yoldaşı və azyaşlı qızı, eləcə də bir neçə yüksək vəzifəli təhlükəsizlik rəsmisi həmin hücumda həlak olub.
Xameneinin vəziyyətinə dair bəzi əlamətlər İranın rəsmi mediasında da yer alıb. Dövlət televiziyası və IRNA xəbər agentliyi onu “ali rəhbər və yaralı müharibə veteranı” adlandırıb.
Dünən yerli KİV İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayidən Müctəba Xameneinin ali rəhbər və Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifələrini icra edib-etmədiyini soruşub. Bəqayi suala birbaşa cavab verməyib, sadəcə “mesajı almalı olanlar artıq onu alıblar” deyib.
Müctəba Xamenei illərdir sirli fiqur hesab olunur. Demək olar ki, ictimai çıxışı yoxdur, nadir hallarda ictimai tədbirlərdə görünüb. Seçildikdən sonra İran mediası onun qısa tərcümeyi-halı ilə yanaşı, şəkillərini əks etdirən qısa, yarım dəqiqəlik video yayımlayıb.
Ötən həftənin cümə günü Əli Xameneinin varisinin Müctəba olduğu bəyan edildikdə İsrail ordusunun qırıcı təyyarələri ali rəhbərin qərargahı və rəhbərlik kompleksinin bunkerini darmadağın edib.
.jpg)
İran rəsmiləri hücumun hədəfinin Müctəba Xamenei olduğunu, amma onun həmin vaxt orada olmadığını bildiriblər. İsrail müdafiə naziri İsrael Kats sosial mediada yazıb ki, Əli Xameneinin yerinə keçən hər kəs hədəf olacaq. ABŞ Prezidenti Donald Tramp da Müctəba Xameneinin hakimiyyətə gəlməsindən narazı olduğunu bildirib, amma ona qarşı sui-qəsd planlaşdırıb-planlaşdırmadığı sualına cavab verməyib.
Müctəba ictimaiyyət arasında görünməsə də, artıq Tehranın hər yerində şəkilləri asılır. Paytaxtda onun üzü əks olunmuş nəhəng plakatlar, eləcə də mərhum atasının ona İran bayrağını uzatmasını əks etdirən böyük divar rəsmi peyda olub.
Müctəba Xamenei illərdir İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə dərin əlaqələri olan pərdəarxası nüfuzlu fiqur hesab olunur. Öz vəzifəsinin bir hissəsi olaraq atasının ofisinin təhlükəsizliyi və hərbi işlərini koordinasiya edib. Amma şəxsiyyəti və ya İrana rəhbərlik etmək planları haqqında SEPAH və siyasi sistemdəki radikal düşərgə ilə yaxın əlaqələrindən başqa çox az şey məlumdur.