BAKI, 20 fevral. TELEQRAF

“İran ABŞ-nin hərbi təcavüzünə məruz qalacağı təqdirdə qətiyyətli və mütənasib şəkildə cavab verəcək”.

Teleqraf xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.

Diplomat qeyd edib ki, hücum baş versə, İran ABŞ-nin bölgədəki bütün hərbi baza, obyekt və maddi aktivləri qanuni hədəfə çevriləcək.

İrəvani BMT rəhbərinə yazıb ki, ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı ritorikası hərbi təcavüzün real təhlükəsinin siqnalıdır.

“İran müharibə istəmir”, - o əlavə edib.

Əmir Səid İrəvani hesab edir ki, ABŞ danışıqlara ciddi və səmimi yanaşarsa və BMT Nizamnaməsinin prinsip və hüquq normalarına hörmət göstərərsə, möhkəm və balanslı qətnamə əldə edilə bilər.

ABŞ Prezidenti bundan əvvəl nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün İranın 10-15 gün vaxtının olduğunu, Vaşinqtonun bu və ya digər şəkildə razılaşmaya nail olacağına əminliyini bəyan edib. Donald Tramp növbəti dəfə xəbərdarlıq edib ki, razılaşma imzalanmasa, İran üçün çox pis şeylər baş verəcək.