BAKI, 17 fevral. TELEQRAF

ABŞ ordusu Cenevrədə İranla planlaşdırılan danışıqlar ərəfəsində Yaxın Şərqdə hava-dəniz qüvvələrini genişmiqyaslı şəkildə gücləndirməyə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə CNN və BBC-nin məlumatında bildirilib.

Qeyd edilib ki, hərbi qüvvələrin yerdəyişməsi və yeni texnikaların bölgəyə gətirilməsi həm Tehrana təzyiqi artırmaq, həm də nüvə danışıqları uğursuz olacağı təqdirdə hərbi variantları hazır saxlamaq məqsədi daşıyır.

CNN-in məlumatlı mənbələrə istinadən yazdığına görə, Böyük Britaniyada yerləşən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus avadanlıq, o cümlədən yanacaqdoldurma təyyarələri və qırıcılar regiona daha yaxın nöqtələrə köçürülür, əlavə hava hücumundan müdafiə sistemləri də göndərilib.

Peyk görüntüləri isə göstərir ki, yanvarın 25-dən etibarən ABŞ-yə məxsus 12 ədəd F-15 qırıcısı Müvəffəq Salti hava bazasında yerləşdirilib.

Xatırladaq ki, ABŞ-İran danışıqlarının ikinci raundunun bu gün İsveçrədə keçirilməsi gözlənilir.