BAKI, 10 fevral. TELEQRAF
“İran xalqı ölkəni girov saxlayan işğalçı qüvvə ilə mübarizə aparır. O, ədalətsiz savaşda azadlıq və zorakılıqdan qurtuluş istəyən silahsız vətəndaşları silahlarla güllələyən rejimdir”.
Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi deyib.
“İranda soyqırımı baş verir. Bu mərhələdə öz azadlığı uğrunda mübarizə aparan cəsur iranlılar üçün meydanı bərabərləşdirə biləcək yeganə şey rejimin öz vətəndaşlarına qarşı istifadə etdiyi alətlərin zərərsizləşdirilməsi üçün lazım olan dəstəyin göstərilməsidir. Məqsəd hakimiyyətin əsas repressiya aparatının, o cümlədən SEPAH və və onunla əlaqəli digər elementlərin hədəfə alınmasıdır”, - o bildirib.
Rza Pəhləvi son etirazlar zamanı İranda 40 minə yaxın dinc insanın öldürüldüyünü iddia edib.
Keçmiş şahzadə Tehranın təhdidlərini “son nəfəsini verən, aciz rejimin boş moizəsi” adlandırıb: “Ən doğru yol bu dəfə rejimi yaralamaq yox, işi sona çatdırmaqdır. Onun cavab zərbəsi endirmək və ya intiqam almaq imkanı qalmamalıdır.
İran xalqının azad seçki yolu ilə öz gələcəyini müəyyən etmək hüququ olmalı, bunu keçid hökuməti həyata keçirməlidir”.
O əlavə edib ki, SEPAH orduya etimad olmadığı üçün rejimi qorumaq məqsədilə paralel qüvvə kimi yaradılıb, hakimiyyət dəyişikliyindən dərhal sonra ləğv ediləcək:
“SEPAH mafiyaya çevrilərək iqtisadiyyat və ölkəni ələ keçirib. Bu qurum ya ləğv edilməli, ya da ordunun tərkibinə inteqrasiya olunmalıdır. Hakimiyyət dəyişikliyi halında sərhədləri ordu qoruyacaq. Artıq SEPAH daxilində də ayrılmaq istəyənlər var. Bu, onların son şansıdır, seçim onların özündən asılıdır.
Vətəndaşların qətlə yetirilməsində birbaşa iştirak etməyənlər gələcəkdə mövqe qazana bilər. Cinayətkarlar isə Nürnberq məhkəməsində olduğu kimi cavab verəcəklər. Onların mövcudluğu sabitlik riskini azaldır, keçidi asanlaşdırır. Ədalət mütləq yerinə yetirilməlidir”.
Rza Pəhləvinin sözlərinə görə, hakimiyyət dəyişikliyindən sonra İranda ekstremist ideologiyalara yer olmayacaq:
“Dinin dövlətdən ayrılması demokratiyanın ön şərtidir. Bir çox İran ruhaniləri ideoloji hökumətə qarşıdırlar, hətta sünnilərin dini liderləri də sekulyar dövlət istəyirlər, çünki dinin siyasətə qarışması imanı zəiflədir. Azad və dünyəvi ölkədə hamı imanını sərbəst yaşaya bilər”.