BAKI, 31 yanvar. TELEQRAF

“ABŞ üçüncü ölkələr vasitəsilə İranla əlaqə yaratmağa çalışır, amma danışıqlar qarşılıqlı hörmət və bərabər şərtlərə əsaslanmalıdır”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi “CNN Türk”ə deyib.

Həmçinin Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq o qeyd edib ki, İran parlamenti də Avropa ordularını terror təşkilatları siyahısına daxil edə bilər.

Abbas Əraqçi Hörmüz boğazı ilə bağlı bir neçə variantın masada olduğunu da vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl SEPAH-ın Hörmüz boğazındakı iki günlük hərbi təlimləri ilə bağlı xəbərdarlıq edib. CENTCOM SEPAH-ın boğazda real döyüş sursatlarından istifadə etməklə iki günlük təlim keçirəcəyi barədə açıqlamasından sonra korpusu beynəlxalq su yolunda gərginlik yaradan və təhlükəli davranışlardan çəkinməyə çağırıb. ABŞ ordusu əks hallara qarşı SEPAH-ı sərt addımlarla hədələyib.