BAKI, 18 yanvar. TELEQRAF
İran Xarici İşlər Nazirliyi (XİN) ölkədəki son hadisələr fonunda Tehranda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin bağlanması barədə yayılan məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi həftəlik mətbuat konfransında bildirib.
Diplomat vurğulayıb ki, İranda heç bir xarici ölkənin səfirliyi fəaliyyətini dayandırmayıb və yayılan xəbərlərdəki rəqəmlər, eləcə də adlar həddindən artıq şişirdilib.
"Əminliklə deyə bilərəm ki, heç bir səfirlik bağlanmayıb. Tehrandakı diplomatik missiyalar adi qaydada öz fəaliyyətlərini davam etdirirlər," - deyə o qeyd edib.
Bununla belə, Bəqayi ölkədə tətbiq edilən internet məhdudiyyətlərinin diplomatik korpusun işinə mənfi təsir etdiyini etiraf edib. O bildirib ki, internetin kəsilməsi səbəbindən bir çox səfirlik və konsulluqlar problemlərlə üzləşib.
XİN rəsmisi həmçinin təsdiqləyib ki, ölkədə yaranmış gərginlik və narahatlıq səbəbindən bəzi diplomatik nümayəndəliklər əməkdaşlarının bir qismini müvəqqəti olaraq İrandan çıxarıblar.
Sözçü əlavə edib ki, işçi heyətinin müvəqqəti azalması təbii olaraq konsulluq xidmətlərində müəyyən ləngimələrə və ya axsaqlıqlara səbəb ola bilər:
"Təbii haldır ki, səfirlik işçilərinin bir qismi müvəqqəti olaraq işdə olmadıqda, xidmət göstərilməsində problemlər yarana bilər. Lakin ümid edirik ki, mövcud gedişatı nəzərə alaraq, müvəqqəti gedən diplomatlar geri qayıdacaq və səfirliklərin fəaliyyəti tam normal axarına düşəcək," - XİN sözçüsü əlavə edib.