BAKI, 7 sentyabr. TELEQRAF

“Neftçi” Azərbaycan Premyer Liqasının IV turunda “Şəfa”nı 4:1 hesabı ilə məğlub edərək 9 xalla turnir cədvəlinə liderlik edir. Görüşdən sonra “ağ-qaralar”ın baş icraçı direktoru Cenk Sümer Teleqraf-a müsahibə verib.

Müsahibədə o, yeni transferlər, komandanın nəticələri, Kenan Piriçin gedişi, çempionluq mübarizəsi və digər məsələlər barədə danışıb.

– Azərbaycan Premyer Liqasının IV turunda “Şəfa”nı 4:1 hesabı ilə məğlub etdiniz. Nəticə bir yana, oyun da sizi qane etdimi?

– Əvvəla, “Şəfa” klubunu təbrik etmək istərdim. Birinci Liqada çempion olaraq Premyer Liqaya gəldilər. Komandaya, texniki heyətə və rəhbərliyə uğurlar arzulayıram. Bu dəfə uduzdular, amma əllərindən gələni etdilər, mübarizə apardılar. Futbol adına ən azından görmək istədiyimiz bunlardır.

Mövsümün əvvəlidir. Təbii ki, komandada xeyli transferlər etdik, komandanı gücləndirdik. Bu yeniliklərin hamısının zamanla yerini alması, oyunçuların uyğunlaşması və adaptasiyası kimi məqamları var. Texniki heyətimiz futbolçularımızla birlikdə həftə ərzində bu mövzularla bağlı çox ciddi iş görür.

Diqqət etmisinizsə, çoxlu futbolçu kombinasiyaları sınayırıq, rotasiya imkanlarımız da artıb. Həm cinahlarda, vingerlərdə, həm orta xətdə, həm müdafiədə, həm də hücumda… Yekun etibarilə, biz də planlaşdırdığımız kimi komandamızın addım-addım irəliləməsini dəstəkləyirik.

– Yeni transferlərin performansından razısınızmı?

– Futbolda bir günə heç nəyi möcüzəvi şəkildə yüksək səviyyəyə qaldıra bilməzsiniz. Bunun öz yolu-ərkanı, texniki tərəfi, taktiki düzülüşün uyğunlaşması prosesləri var. Futbolçunun adaptasiyasını da qeyd etməliyik – təkcə komandaya, bazaya və ya stadiona yox... Onlar yeni ölkəyə, yeni şəhərə gəlirlər, gəldikləri yerə ailələri ilə birgə uyğunlaşmağa çalışırlar.

Biz rəhbərlik olaraq futbolçularımızın buradakı mühitə uyğunlaşmasının sürətli olması üçün hər cür şərait yaratmışıq. Vəziyyət qənaətbəxşdir, çünki səviyyəsi yüksək olan futbolçuları transfer etmişik. Yəni sıradan, adi futbolçular deyillər. Bunlar həqiqətən həm liqamıza rəng qatacaq, həm çempionatın dəyərini qaldıracaq, həm də “Neftçi”nin bu mübarizəni sonadək aparmasına kömək edəcəklər.

– Mövsümün əvvəlində qarşıya qoyulan çempionluq hədəfi fonunda “Neftçi”nin hazırkı heyətini məqsədə çatmaq üçün kifayət qədər potensiallı hesab edirsiniz?

– Bu il 90 illik yubileyimizdir, çempionluq hədəfimiz var. Azarkeşlərimizin, camiəmizin bizdən gözlədiyi bu məsuliyyəti daşıyıb çempionluğu reallaşdırmaq arzusundayıq. Bu hədəfə çatacağıq.

Bu baxımdan komandaya yeni gələn futbolçulardan da, əvvəlkilərdən də razıyıq. Hər gün öz üzərlərində işləyir, inkişaf edirlər. Performansın hər gün artdığını görürük. Bunu həm statistik, həm də fiziki olaraq müşahidə edirik. Hədəflərə onlarla birlikdə çatacağımızı düşünürəm.

– Qapıçı mövqeyinə yeni transfer olacaqmı?

– Biz bu mövsüm iki milli qapıçı ilə oynayırıq – Emil Balayev və Rza Cəfərovla. Qapımız əmin əllərdədir. Baş məşqçimizin istəkləri ilə planlarımız üst-üstə düşdüyü təqdirdə bunları icra etdik. Baş məşqçimizin də dediyim kimi, onun arzuladığı mövqelərə, istədiyi profildə və xüsusiyyətlərdə olan futbolçular transfer etdik.

Hazırda əcnəbi qapıçı gətirmək planımız yoxdur. Onsuz da ölkənin ən yaxşı iki qapıçısı bizdədir. Onlara biz də, baş məşqçimiz də, qapıçılarla işləyən məşqçimiz Atilla Küçüktaka da güvənir. Bu səbəbdən həmin mövqedə bir gözləntimiz yoxdur.

Ancaq planlaşdırdığımız bir transfer var, hücumçu almaq. Onu ən yaxın zamanda transfer edəcəyik.

– Kenan Piriçin yeni mövsüm başlayandan sonra klubdan ayrılması birmənalı qarşılanmadı. Bu ayrılığa onun menecerinin açıqlaması təsir etdi, yoxsa?..

– Klubumuzun media üzrə koordinatoru və baş məşqçimiz bu mövzuda gərəkli açıqlamanı veriblər. Qeyd etdiyiniz məqam isə boş söhbətdir. Deyim ki, Piriçin karyerasına burada davam etmək arzusunda olmaması, məşqlərdə və oyunlardakı performansı, başqa klubu seçməsi – bir sözlə, yekun qərarın əsas səbəbləri bunlardır.

Onu da deyim ki, Kenan Piriç bizim üçün keçən mövsüm çox çalışıb, uğurlu oyunlar göstərib. Hər qapıçının qarşılaşa biləcəyi uğursuzluqları o da yaşayıb. Bizim üçün yaxşı “Neftçi” oyunçusu olub. Yeni karyerasında ona uğurlar arzulayırıq.

– Çempionluq yolunda əsas rəqibləriniz “Sabah” və “Qarabağ”dır. “Qarabağ” Avropadan ayrıldığı üçün çempionata daha çox diqqət ayıracaq. “Sabah” isə Çempionlar Liqasındakı performansı ilə yanaşı, Premyer Liqada da yenidən çempionluq iddiasını ortaya qoyub. Belə şəraitdə mübarizə aparmaq asan olmayacaq. Bu baxımdan narahatlığınız var?

– “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsində oynaması ilə qürur duyuruq. Komanda orada ölkəmizi təmsil edir.

“Qarabağ”ın Liqa mərhələsinə qala bilməməsinə görə də təəssüf edirik. Onlar bu yolda uğurla davam etmək arzusunda idilər. Amma alınmadı. Təəssüf ki, “Tvente”yə qarşı pley-off-da bəxtsiz oyun oldu.

Biz Avropa kuboklarına qatılan – hazırda ölkəmizdən dörd klub qatıla bilir – dördünün də Avropa turnirlərində qruplarda mübarizə aparmasını istəyirik. Çünki bu, həm çempionatımızın səviyyəsini yuxarı qaldıracaq, ölkə futbolunun nüfuzunu artıracaq, həm də milli komandaya müsbət təsirləri olacaq. Türkiyədə də belə olub.

Bir-birimizi aşağı çəkmək yox, əksinə, bir-birimizi dəstəkləməliyik. Ölkə futbolunun inkişafı üçün vahid mövqedə olmalı, komanda şəklində hərəkət etməliyik. Biz bunu qürur duyaraq və bir hədəf komandası kimi düşünürük. “Sabah”la, “Qarabağ”la, Avropada mübarizə aparan digər komandalarla çempionatımızda rəqabət aparmaq vacib bir mərhələdir.