BAKI, 7 sentyabr. TELEQRAF
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Batumidə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyanla görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər iki ölkə arasında ticari-iqtisadi, enerji, nəqliyyat (mülki aviasiya, dəmir yolu) və turizm sektorlarında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini və gələcək əməkdaşlıq planlarını müzakirə ediblər.
Fasiləsiz yük və sərnişin daşınmasını təmin etmək üçün Gürcüstan və Ermənistan arasında nəqliyyat sahəsində sıx tərəfdaşlıq və birgə səylər vurğulanıb. Dinamik ikitərəfli əməkdaşlığın nəqliyyat göstəricilərinə müsbət təsir göstərəcəyi qeyd olunub.
Aviasiya sektoruna da diqqət yetirilib - Gürcüstan və Ermənistan arasında birbaşa müntəzəm reyslərdə daşınan sərnişinlərin sayı 2026-cı ilin yanvar-iyul aylarında 36 faiz artıb. Hazırda iki ölkə arasında həftədə Gürcüstanın iki beynəlxalq hava limanından İrəvana 12 birbaşa reys həyata keçirilir. Tərəflər həmçinin Kutaisi hava limanından İrəvana müntəzəm reyslərin başlanması məsələsini də müzakirə ediblər.