BAKI, 7 sentyabr. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bəzi ölkələrin onun namizədliyi ilə bağlı mövqeyi barədə məlumatı olmasa da, BMT-nin növbəti baş katibi seçilmək şanslarını nikbin qiymətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə o, Vyanada keçirdiyi mətbuat konfransında bildirib.

“Mən hələ də çox nikbinəm”, - AEBA rəhbəri deyib.

Qrossi qeyd edib ki, baş katibin seçilməsi prosesi davam edir və bu, xüsusi prosedurdur. Onun sözlərinə görə, bu proses çərçivəsində ölkələr mövqelərin yaxınlaşdırılması mərhələlərindən keçirlər və yaxın həftələrdə namizədlərlə bağlı ölkələr arasında daha bir ilkin sorğunun keçirilməsi gözlənilir.

“Əlbəttə, ölkələr kimə səs verəcəkləri barədə danışmırlar”, - beynəlxalq agentliyin baş direktoru əlavə edib.

Argentinadan Rafael Qrossi ilə yanaşı, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan (Kosta-Rika), Çilinin keçmiş prezidenti və BMT-nin insan haqları üzrə keçmiş ali komissarı Mişel Baçelet, Seneqalın keçmiş prezidenti Maki Sall, Ekvadorun keçmiş xarici işlər və müdafiə naziri Mariya Fernanda Espinosa Qarses, Qayananın BMT-dəki daimi nümayəndəsi Karolin Rodriges-Birkett və Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri İvon Baki də BMT baş katibi postuna namizəddir.