BAKI, 7 sentyabr. TELEQRAF
“Çeçenistan rəhbəri Ramzan Kadırovun media məkanından yoxa çıxması bir sıra amillərlə bağlıdır, o, hazırda müvəqqəti olaraq səssizliyə çəkilib”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markelov yerli mediaya deyib.
Ekspertin sözlərinə görə, Kadırov əvvəllər tez-tez gündəmdə olur, sərt və cəsarətli açıqlamalar verirdi, indi isə onun haqqında demək olar, heç nə eşidilmir. Markelov qeyd edib ki, Kadırov zaman-zaman bəzi mövzularda xidmət edirdisə və informasiya məkanında müəyyən vurğuları önə çəkirdisə, hazırda həmin funksiyalara ehtiyac yoxdur:
“Məsələn, Kadırovla birlikdə ərəb mövzusu - Dubay, Əbu-Dabi və müsəlmanlar bağlı müxtəlif məsələlər də gündəmdən çıxıb. Hazırda İranla bağlı iş aparılır və buna görə də bu istiqamətdə ona ehtiyac yoxdur.
Sülh şəraitində Qafqaz məsələlərində Kadırov münaqişələrin, o cümlədən Dağıstandakı qarşıdurmaların söndürülməsi ilə məşğul olurdu. Amma hazırda orada belə funksiyaya ehtiyac yoxdur, dağıstanlılara da lazım deyil. Bir formul tapılıb, yeni rəhbər uyğunlaşır. Seçki keçirilənədək və daxili məsələlər həll olunana qədər Kadırovun funksiyasına ehtiyac yoxdur”.
Politoloq əlavə edib ki, hazırda daha vacib olan Cənubi Qafqaz, konkret olaraq Ermənistan istiqamətidir: “Amma Kadırov burada da rol oynamır, çünki Ermənistan müsəlman ölkəsi deyil”.
Sergey Markelov vurğulayıb ki, hansısa oxşar mövzunu yenidən gündəmə gətirmək lazım gələn kimi Ramzan Kadırovu geri qaytaracaqlar.