BAKI, 7 sentyabr. TELEQRAF

Bakı İqlim Həftəsi 2026 çərçivəsində “Şəffaflıq üzrə yüksək səviyyəli dialoq” mövzusunda panel müzakirəsi keçirilib.

Teleqraf xəbər verir ki, paneldə çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Paris Sazişinin mühüm prinsiplərindən birinin ölkələrin öz iqlim öhdəliklərini özlərinin müəyyənləşdirməsi olduğunu bildirib.

Onun sözlərinə görə, bu sistem yalnız götürülən öhdəliklərin icrasının izlənilməsi mümkün olduğu halda səmərəli işləyə bilər:

“Ambisiya bizə ölkələrin hara getmək niyyətində olduğunu göstərir, şəffaflıq isə həqiqətən həmin istiqamətdə irəliləyib-irəliləmədiyimizi göstərir. İqlim diplomatiyasının yeni mərhələsində əsas məsələ yalnız vədlərin verilməsi deyil, onların nə dərəcədə yerinə yetirilməsidir. Şəffaflıq iqlim prosesinin texniki son mərhələsi deyil. O, danışıqlarla icra arasında körpüdür. Şəffaflıq həm etibarlılığı və hesabatlılığı artırır, həm də maliyyə, texnologiya və potensialın gücləndirilməsinə ən çox hansı sahələrdə ehtiyac olduğunu müəyyənləşdirməyə imkan verir”.

Paneldə çıxış edən COP31-in icraçı direktoru Fatma Varank isə Paris Sazişinin Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin ikinci tətbiq dövrünə daxil olunduğunu və bu mərhələdə şəffaflığın iqlim fəaliyyətinin həyata keçirilməsində rolunun daha da artdığını bildirib.

F. Varank şəffaflığın Paris Sazişinin “onurğa sütunu” olduğunu qeyd edib.

O bildirib ki, Türkiyə ilk İkiillik Şəffaflıq Hesabatını (BTR) COP29-dan əvvəl təqdim edən ölkələrdən biri olub. Hazırda ölkə ikinci BTR-ni hazırlayır və hesabatın COP31-dən əvvəl təqdim edilməsi planlaşdırılır.

Panel iştirakçıları şəffaflığın iqlim öhdəliklərinin icrasına nəzarətin, hesabatlılığın və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.