BAKI, 7 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək görüşdə mümkün referendum və İrəvanın xarici siyasət istiqamətinin seçilməsi məsələlərini müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

“Bişkekdə Paşinyanla görüşdə ticari-iqtisadi əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə olunub. Paşinyanın Moskvaya səfəri barədə razılaşma əldə edilib. Dövlət başçıları əsas mövzunu - Ermənistanın inkişaf istiqamətinin seçilməsi və referendum keçirilməsini müzakirə edəcəklər”, - o bildirib.

Peskov əlavə edib ki, Ermənistan Baş nazirinin səfərinin dəqiq tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Liderlər ticarət və Rusiyanın Ermənistana tətbiq etdiyi ixrac məhdudiyyətlərini də müzakirə edəcəklər.

Xatırladaq ki, söhbət Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması və ya Avropa İttifaqına üzvlüyü üzrə Rusiya Prezidentinin İrəvandan tələb etdiyi referendumdan gedir.