BAKI, 18 yanvar. TELEQRAF
"İraq regionun təhlükəsizliyinin bölünməzliyi prinsipinə sadiqdir və hesab edir ki, hər bir ölkənin sabitliyi digər qonşu dövlətlərin təhlükəsizliyinin qarantıdır".
Teleqraf xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, mövcud şəraitdə İran və İraq arasında fikir mübadiləsinin aparılması olduqca vacibdir:
"Biz bu çərçivədə ölkələrin daxili işlərinə qarışmamaq prinsipinin zəruriliyini vurğuladıq və regional çağırışlara qarşı mübarizə aparmaq üçün məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəldik".
Fuad Hüseyn həmçinin İraqın daxili siyasi və iqtisadi vəziyyətinə də toxunub. O bildirib ki, həm ölkə daxilində, həm də regionda mövcud olan iqtisadi və maliyyə problemlərinin həlli üçün Bağdadda tez bir zamanda güclü hökumətin formalaşdırılması strateji zərurətdir.