BAKI, 18 yanvar. TELEQRAF
"ABŞ hərbçilərinin İraqdakı "Eyn əl-Əsəd" bazasından çıxarılması rəsmi Bağdadın suverenliyinin möhkəmlənməsi istiqamətində mühüm addımdır".
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Amerika hərbi qüvvələrinin bazanı tərk etməsi və BMT-nin İraqa Yardım Missiyasının (UNAMI) mandatının başa çatması İraqda müstəqilliyin, sabitliyin və milli suverenliyin bərqərar olmasının açıq göstəriciləridir.
A.Əraqçi həmçinin vurğulayıb ki, rəsmi Tehran hər zaman qüdrətli və müstəqil İraqın tərəfdarı olub:
"Biz inanırıq ki, İraq regional sülh və sabitliyin təmin edilməsində əsas rol oynamaq üçün lazımi potensiala malikdir".