BAKI, 18 yanvar. TELEQRAF
Suriya hökumət qüvvələri ölkənin şimal və şərq bölgələrində genişmiqyaslı əməliyyatları davam etdirərək strateji əhəmiyyətli bir neçə obyekti nəzarətə götürüb.
Teleqraf "Al Jazeera"ya istinadən xəbər verir ki, Suriya ordusu şimalda yerləşən Təbqa şəhərini və ona bitişik, ölkənin ən böyük su bəndi olan Təbqa bəndini kürdlərin rəhbərlik etdiyi qüvvələrdən (SDQ) təmizləyib.
Məlumata görə, bu hücum ABŞ-nin Suriya ordusuna kürdlərin nəzarətindəki ərazilərdə irəliləyişi dayandırmaqla bağlı çağırışlarına baxmayaraq həyata keçirilib. Hələlik SDQ tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib və döyüşlərin davam edib-etmədiyi dəqiq bilinmir.
Hökumət qüvvələrinin Rakka vilayətinə doğru irəliləməsi fonunda qarşı tərəf geri çəkilərkən infrastrukturu sıradan çıxarıb. Suriyanın "SANA" dövlət xəbər agentliyi bildirir ki, SDQ döyüşçüləri ordunun irəliləyişini ləngitmək məqsədilə Fərat çayı üzərində Rakkaya aparan iki körpünü partladıblar.
Qeyd edək ki, Suriya ordusu son günlərdə şimal bölgələrində geniş əraziləri ələ keçirərək, SDQ-ni on ildən artıq müddətdə faktiki muxtariyyətə malik olduğu torpaqlardan sıxışdırıb çıxarır.
Ordunun uğurları təkcə şimalla məhdudlaşmır. Təhlükəsizlik orqanlarındakı mənbənin "Al Jazeera"ya verdiyi məlumata görə, hökumət qüvvələri ölkənin şərqindəki Deyr-əz-Zor əyalətində yerləşən strateji "Conoco" qaz yatağını da ələ keçirib.
Bu əməliyyat hökumət qoşunlarının bölgədəki daha iki neft yatağını nəzarətə götürməsindən dərhal sonra baş verib.
Xatırladaq ki, İŞİD terror qruplaşmasının bölgəyə sızması və 2014-cü ildə əyaləti tam işğal etməsi səbəbindən 2012-2013-cü illərdə energetika işçiləri Deyr-əz-Zoru tərk etmişdilər. Onlar yalnız 2017-ci ildə silahlı qruplaşma məğlub edildikdən sonra iş yerlərinə qayıda bilmişdilər.