BAKI, 7 sentyabr. TELEQRAF

Özbəkistanda tibb işçilərinin peşəyə qəbulu qaydalarının dəyişdirilməsi planlaşdırılır. Diplomdan əlavə, müstəqil bilik qiymətləndirməsindən keçmək və dövlət qeydiyyatına alınmaq tələb olunacaq.

Teleqraf xəbər verir ki, 2027-2030-cu illər ərzində sistem könüllü olacaq, 2030-cu ildən isə məcburi tətbiq ediləcək.

Gələcəkdə qeydiyyatdan keçməyən mütəxəssislər tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Bunun üçün tibb və əczaçılıq sahəsində çalışanların vahid elektron reyestrinin yaradılması və onun 16 informasiya bazası ilə inteqrasiyası planlaşdırılır. Reyestrdə mütəxəssislərin təhsili, ixtisası və peşə fəaliyyəti barədə məlumatlar toplanacaq.

Söhbət təxminən 600 min mütəxəssisdən gedir.

Qeydiyyat müstəqil bilik və peşə hazırlığının qiymətləndirilməsi ilə əlaqələndiriləcək. İmtahanların bir neçə mərhələdə keçirilməsi planlaşdırılır: təhsil müddətində, əsas təhsil proqramını başa vurduqdan və rezidenturadan sonra. Qiymətləndirmə üçün vahid test və tapşırıq bankı, həmçinin simulyasiya bazalarının yaradılması nəzərdə tutulur. İmtahandan keçə bilməyənlərə yenidən imtahan vermək imkanı yaradılacaq.

Diplom artıq öz-özlüyündə avtomatik olaraq müstəqil klinik işə qəbul demək olmayacaq.

Məcburi qeydiyyat tətbiq olunana qədər sistemə könüllü qoşulan mütəxəssislər üçün maliyyə stimulları - əməkhaqqına əlavə ödəniş təklif olunur.

Rəsmilərin fikrincə, yeni sistem tibbi yardımın keyfiyyətinə və təhlükəsizliyinə nəzarət üçün əlavə mexanizmə çevrilməlidir.