BAKI, 7 sentyabr. TELEQRAF

Sentyabrın 6-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Veloparkda dövlət qurumlarının əməkdaşları arasında velosiped üzrə yarışlara yekun vurulub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yarışda iştirak edən FHN-in velosiped üzrə komandasının əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, qadınlar arasında yarışlarda Bakı Regional Mərkəzinin əməkdaşı, baş leytenant Leyla Əliyeva məsafəni bütün rəqiblərindən daha tez qət edərək yarışın qızıl medalına sahib olub. Komandanın digər üzvü Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva bürünc medalın sahibi olub. Kişilər arasında yarışlarda isə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət baş çavuşu Cavid Xəlilov yarışı ikinci yerdə tamamlayaraq gümüş medala yiyələnib.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.