BAKI, 11 yanvar. TELEQRAF
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkədə baş verən son hadisələrlə bağlı bəyanat verib. O, Məhkəmə Hakimiyyətini ölkədə asayişi və təhlükəsizliyi pozan şəxslərə qarşı qətiyyətli tədbirlər görməyə çağırıb.
Teleqraf xəbər verir ki, Əli Laricani çıxışında dinc etirazlarla kütləvi iğtişaşların fərqləndirilməsinin vacibliyini vurğulayıb.
Şura katibi bildirib ki, iqtisadi problemlərdən qaynaqlanan xalq etirazları anlaşılandır:
"Ali Rəhbərin də qeyd etdiyi kimi, iqtisadi çətinliklər səbəbindən yaranan etirazlar tamamilə başa düşüləndir. İqtisadi sabitliyin yaradılması, xüsusilə valyuta bazarında stabilliyin təmin edilməsi xalqın və sahibkarların haqlı tələbidir".
Laricani bu proseslərə kənar qüvvələrin müdaxilə etdiyini diqqətə çatdırıb:
"Bu haqlı etirazların fonunda xalqın iqtisadi tələbləri ilə heç bir əlaqəsi olmayan, dağıdıcı və mütəşəkkil bir cərəyan səhnəyə çıxıb. Bu qüvvələr yaranmış vəziyyətdən sui-istifadə edərək son dərəcə vəhşi və cinayətkar əməllərə əl atıblar. İnsanların qətlə yetirilməsi, yandırılması və digər zorakılıq halları İŞİD kimi terror qruplaşmalarının üsullarına çox bənzəyir".