BAKI, 7 yanvar. TELEQRAF

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi silahlı və təhlükəsizlik qüvvələrinə müraciətində onları etirazçıların tərəfinə keçməyə çağırıb.

Teleqraf xəbər verir ki, İranın keçmiş şahzadəsi videomüraciətində onların tarixi seçim qarşısında olduqlarını bildirib.

Rza Pəhləvi silahlı və təhlükəsizlik qüvvələrindən iranlıların taleyüklü etiraz günlərində tarixin hansı tərəfində dayanacaqlarını soruşub: “Cinayətkarların yanında, yoxsa xalqın?”.

O, İranın hazırkı rejiminin devrilməsini “qaçılmaz” adlandırıb və vurğulayıb ki, artıq məsələ yalnız onun nə vaxt süqut edəcəyidir və bu zaman həmişəkindən daha yaxındır:

“Bu taleyüklü anlarda sizdən gözləntim budur ki, millətin ağuşuna qayıdasınız və silahınızı xalqa atəş açmaq üçün yox, onları qorumaq üçün istifadə edəsiniz. Bununla siz təkcə milli borcunuzu yerinə yetirməyəcək, həm də özünüzün və ailələrinizin gələcəyini qoruyacaqsınız”.

Rza Pəhləvi silahlı və təhlükəsizlik qüvvələrini qurduqları “Milli Əməkdaşlıq Platforması”na qoşulmağa çağırıb.

“Bu, xalqa qoşulmaq və taleyinizi batmaqda olan İran İslam Respublikası gəmisindən ayırmaq üçün son fürsətinizdir. Əmin olun ki, xalqı repressiyaya məruz qoyanlar və dinc insanlara atəş açanlar müəyyən ediləcək və cəzalandırılacaq. İran xalqının yanında duranlar isə milli hörmət və ehtiramla qarşılanacaqlar”.