BAKI, 16 iyun. TELEQRAF
İran heç vaxt başqa ölkələrə qarşı təcavüz göstərməyib və gələcəkdə də bu cür niyyəti yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım edib.
“Biz heç vaxt təcavüzkar olmamışıq və olmayacağıq. Amma vəhşi cinayətlər törədən düşmənə qarşı da xalqımızla bir yerdə mübarizə aparacağıq”, – o bildirib.
Prezident böhranlı vəziyyəti belə qiymətləndirib: “Əziz xalqımız çətinliklərə qarşı dözümünü itirmir. Dövlət də çalışır ki, insanların gündəlik həyatında problemlər yaranmasın”, – Pezeşkian vurğulayıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.