BAKI, 2 iyun. TELEQRAF
“ABŞ Tehranın nüvə proqramı ilə bağlı təklif olunan saziş çərçivəsində İrana qarşı sanksiyaların ləğvi üçün hələlik zəmanət verməyib”.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi mətbuat konfransında bildirib.
“Təəssüflə bildirirəm ki, bu günə qədər Amerika tərəfdən bu məsələyə aydınlıq gətirilməyib. Biz İran xalqına qarşı tətbiq edilən sərt sanksiyaların necə aradan qaldırılacağına dair tam aydın olmalıyıq. Əmin olmalıyıq ki, keçmiş təcrübə təkrarlanmayacaq və faktiki olaraq iqtisadi, bank və ticarət sahələrində sanksiyaların qaldırılacağını görəcəyik”, - diplomat qeyd edib.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt söyləmişdi ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İrana nüvə proqramı ilə bağlı ətraflı və məqbul təklif göndərib.