BAKI, 23 may. TELEQRAF
“ABŞ-nin İrana qarşı yeni sanksiyaları Vaşinqtonun məsələlərin diplomatiya yolu ilə həll istəyini şübhə altına alır”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Bəqayi yeni sanksiyaları “qanunsuz və İran xalqına qarşı düşmənçilik” adlandırıb.
“Bu addımlar qeyri-qanuni və qeyri-insani olduğu qədər də təxribatçıdır. ABŞ-nin İrana qarşı tətbiq etdiyi çoxsaylı sanksiyalar və məcburedici tədbirlər hər bir İran vətəndaşını əsas insan hüquqlarından məhrum etmək üçün diqqətlə hazırlanıb”.
Bəqayi sözlərini belə yekunlaşdırıb: “İran və ABŞ arasında dolayı danışıqların beşinci raundu ərəfəsində elan edilən bu sanksiyalar Vaşinqtonun ciddiliyinə və məsələləri diplomatiya yolu ilə həll etmək istəyinə dair şübhə yaradır”.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti mayın 22-də İranın tikinti sektoru və hərbi təyinatlı 10 sənaye müəssisəsinə əlavə sanksiyalar tətbiq etdiyini açıqlayıb.