BAKI, 22 may. TELEQRAF
Fransa və Səudiyyə Ərəbistanı HƏMAS hərəkatının tərksilah edilməsi və onu siyasi prosesə inteqrasiya etməyə yönəlmiş birgə təşəbbüs üzərində danışıqlar aparırlar.
Teleqraf xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin diplomatik mənbələrə istinadla yaydığı xəbərə görə, Paris və Ər-Riyad inanır ki, HƏMAS-ın siyasi funksiyalarını qoruyub saxlaması, onun silahlı mübarizədən imtina etməyə razı salınmasına şərait yarada bilər. Lakin mənbələr qeyd edir ki, İsrail tərəfi bu yanaşmanı qəbul etmir və Qəzza zolağında HƏMAS-a gələcəkdə istənilən formada idarəçilik imkanı verilməsinə qarşı çıxır.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib. Atəşkəs rejiminin pozulmasından sonra bölgəyə genişmiqyaslı zərbələr endirilib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi əməliyyatların yenidən başlamasını HƏMAS-ın danışıqlarda ABŞ və vasitəçilər tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə əsaslandırıb. Məqsədin girovların azad olunması olduğu bildirilib.