
BAKI, 17 mart. TELEQRAF
“Ənsarallah” qruplaşmasının (husilər) “Al Masirah” telekanalı ABŞ-nin bu gün Yəməndə yeni hava hücumları həyata keçirdiyini, Prezident Donald Trampın qayıdışından bəri Amerikanın Yaxın Şərqdəki ən böyük hərbi əməliyyatının baş tutduğunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, ABŞ İran tərəfindən dəstəklənən husilərin Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə təhdidlərinə cavab olaraq, Yəmənə qarşı yeni hava hücumları dalğasına başladığını açıqlayıb.
“Al Masirah” qeyd edir ki, bu gün Qırmızı dəniz sahilində yerləşən liman şəhəri Xudeyda və paytaxt Sənanın şimalındakı Əl-Cəvf rayonu hədəfə alınıb.
Yəmən Səhiyyə Nazirliyi bəyan edib ki, hücumlar nəticəsində ən azı 53 nəfər ölüb. Qurbanlar arasında 5 uşaq və 2 qadın var, 98 nəfər yaralanıb.
ABŞ rəsmisinin “Reuters” agentliyinə verdiyi məlumata görə, hava hücumu həftələrlə davam edə bilər.
Agentlik əlavə edir ki, baş verənlər Vaşinqton Tehranı nüvə proqramı ilə bağlı danışıqlar masasında oturtmağa çalışarkən, İrana qarşı sanksiya təzyiqlərini gücləndirdiyi vaxta təsadüf edir.
Hava hücumlarının Donald Trampın əmri ilə həyata keçirildiyi bildirilir.