BAKI, 17 dekabr. TELEQRAF

“Nüvə bombası proqramının inkişafının davam etdirilməsi ideyası hələ də İran rejiminin düşüncəsində yaşayır və İsrail özünü Tehranın nüvə layihəsinin yenidən aktivləşməsinin qarşısını almağa borclu hesab edir”.

Teleqraf xəbər verir ki, bunu İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın direktoru David Barnea deyib.

Kəşfiyyat rəhbəri İsraillə İran arasında baş vermiş 12 günlük müharibəyə toxunaraq bildirib: “Ayətullah rejimi öz zəifliyini və müdaxilə qarşısında müdafiəsiz olduğunu dərk etsə də, İran İsraili məhv etmək məqsədindən əl çəkməyib”.

Barnea vurğulayıb ki, İsrailin məhvini şüara çevirən və nüvə silahının inkişafı yolunda dünyanı aldatmış bir ölkə hərbi nüvə məqsədindən başqa izahı olmayan səviyyələrdə uranı zənginləşdirməklə, şərait yaranacağı təqdirdə proqramını çox sürətlə irəli aparacaq:

“Nüvə bombası proqramının inkişafının davam etdirilməsi ideyası hələ də onların düşüncəsində yaşayır. Bizim məsuliyyət və borcumuzdur ki, ölümcül şəkildə zərər görmüş nüvə layihəsinin amerikalılarla sıx əməkdaşlıq çərçivəsində heç vaxt yenidən aktivləşməyəcəyindən əmin olaq”.