BAKI, 26 oktyabr. TELEQRAF
Ermənistan tərəfinin verdiyi bəyanatlar diqqətlə izlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
“Bizim mövqeyimiz çox açıq və sadədir. Azərbaycan dövləti öz xoş niyyətini göstərib. Vaşinqton sammiti zamanı paraflanmış sülh sazişinin mətni açıq sənəddir. Saziş beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır”, - Ceyhun Bayramov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan son bir il ərzində sülh prosesinin real nəticələrini və üstünlüklərini göstərmək üçün bir sıra birtərəfli addımlar atıb.
C.Bayramov Ermənistan daxilində gedən siyasi prosesləri, o cümlədən yeni konstitusiyanın qəbulu məsələsini də izlədiklərini bildirib:
“Bu proses bir tərəfin deyil, hər iki tərəfin maraqlarına xidmət edir”.
Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan tərəfi Ermənistanın atacağı addımları gözləyir və müvafiq nəticə əldə olunacağı təqdirdə prosesi yekunlaşdırmağa hazırdır.