BAKI, 26 oktyabr. TELEQRAF
Bakının Xətai rayonunda baş verən ölümlə nəticələnən kütləvi dava ilə bağlı daha iki nəfərin barəsində qətimkan tədbiri seçiləcək.
Teleqraf-ın xəbərinə görə, bunlar Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğludur.
Hər iki şəxsin barəsində qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat daxil olub. Yaxın saatlarda işə baxılacaq.
Qeyd edək ki, oktyabrın 23-də saat 00:10 radələrində paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Qeyd olunan şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə, mütəmadi qanunsuz fəaliyyətlə məşğul olduqları, kriminal araşdırmalar aparmaqla hədə-qorxu ilə pul tələb edilməsi, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq üçün odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları, eləcə də onun fəaliyyətində iştirak etdikləri müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə bütün halların, saxlanılanların hər birinin cinayətdə iştirakının, cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyən edilməsi məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu, General Şıxlınki küçəsi, 36 ünvanındakı “Ab Hava” restoranın ikinci mərtəbəsindəki kabinetdə qeydə alınıb.
Hadisədən əvvəl 5 nəfər kabinetdə oturub çay içib, qəlyan çəkirmiş. Bir müddətdən sonra kabinetə daha 4 nəfər daxil olub və mübahisə başlayıb. Mübahisə nəticəsində kabinetdə bir nəfər bıçaqlanıb. Daha sonra dava restoranın foyesində davam edib.
Məlumata görə, qətlə yetirilən Ceyhun adlı şəxs bir nəfəri bıçaqlayandan sonra foyeyə qaçıb.
Bu vaxt digər şəxslər onun arxasınca gəlib və foyedə yaxalayıblar. Ceyhun hadisə yerində qətlə yetirilib.
Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.