BAKI, 18 mart. TELEQRAF

Ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Qeyd olunub ki, kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri 4 il ərzində yerinə yetirməyib.

Bunun əvəzinə, onlar diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədilə, mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürüblər. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.

Bildirilib ki, Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq.