TBİLİSİ, 18 mart. TELEQRAF

“Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq, eləcə də strateji tərəfdaşlarımızın dəstəyi sayəsində bir çox mühüm layihələr həyata keçirilib”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Nyu Dehlidə keçirilən “Raisina Dialogue 2025” beynəlxalq konfransı çərçivəsində təşkil olunmuş “Təhlükəsiz gələcək naminə rəqabət və əməkdaşlıq” adlı müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, onilliklər keçsə də, bu layihələr aktuallığını hələ də qoruyub saxlayıb, belə ki, ümumi Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük potensiala malikdirlər. XİN başçısı enerji, nəqliyyat və digər sahələrdə reallaşdırılmış bu layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

M.Boçorişvili bu yaxınlarda Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan və Türkmənistanda səfərdə olduğunu qeyd edib:

“Mən bir daha əmin oldum ki, Azərbaycan, Türkiyə, Ermənistan kimi qonşu dövlətlərimizlə əməkdaşlıq vacibdir. Bu ölkələr Gürcüstanın mühüm tərəfdaşlarıdır, lakin Qara dəniz regionunda əlaqə də çox vacibdir”.