BAKI, 17 mart. TELEQRAF

Rusiya Federasiyasının nümayəndə heyətinin Azərbaycana səfəri, iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini daha da gücləndirəcək.

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətinin qatıldığı Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasında bildirib.

"Bu səfər Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına əlavə təkan verəcək və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük təsir göstərəcək. İki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişafı, əlaqələrin gələcəkdə daha da dərinləşməsinə zəmin yaradacaq. Parlamentlərimizin arasında sıx əməkdaşlıq həm Azərbaycan, həm də Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bu əlaqələr yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də mədəniyyət, təhsil və digər sahələrdə güclü əməkdaşlıq üçün möhkəm bir əsas yaradır. Azərbaycan və Rusiya arasındakı münasibətlərin inkişafı, sadəcə iki ölkə üçün deyil, bütün region üçün çox böyük əhəmiyyət daşıyır", - deyə Sahibə Qafarova söyləyib.

***

14:52

BAKI, 17 mart. TELEQRAF

Rusiya Azərbaycan üçün strateji tərəfdaşlardan biri olaraq qalır və hər iki ölkə bir-birinin iqtisadi inkişafına mühüm töhfələr verir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasında bildirib.

Matviyenko Azərbaycanda Rusiya əlaqələrindən danışıb: "Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə çoxşaxəli əməkdaşlıq həyata keçirilir. Rusiya Azərbaycan üçün strateji tərəfdaşlardan biri olaraq qalır və hər iki ölkə bir-birinin iqtisadi inkişafına mühüm töhfələr verir. Ticarət sahəsindəki əlaqələr də getdikcə güclənir. Azərbaycan, Rusiyanın ən böyük ticarət tərəfdaşlarından biridir və bu əlaqələr, hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Azərbaycanda Rusiyanın işgüzar dairələri ilə birgə müəssisələr açılmaqda, müxtəlif sahələrdə birgə layihələr həyata keçirilməkdədir. Bu əlaqələr yalnız iqtisadi sahələrdə deyil, həm də mədəniyyət və təhsil sahələrində də özünü göstərir. Azərbaycan və Rusiya arasında təhsil proqramları, tələbə mübadilələri və mədəni tədbirlər təşkil olunur. Beləliklə, iki xalq arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri inkişaf edir. Rus dilinin Azərbaycanda qorunub-saxlanılması bizim üçün çox dəyərlidir. Bütün bu amillər bir daha sübut edir ki, Azərbaycan və Rusiya arasındakı əlaqələr yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün də böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq, regionda sabitliyin və inkişafın təmin olunmasına kömək edir və hər iki ölkənin strateji maraqlarına xidmət edir",- deyə bildirib.

***

14:29

Milli Məclisdə Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 22-ci iclası işə başlayıb.

Teleqraf xəbər verir ki, iclasda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Polad Bülbüloğlu, parlament təmsilçiləri və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.