
BAKI, 14 mart. TELEQRAF
"Bu forum həqiqətən çox vacib bir platformaya çevrilib, böyük səylə hazırlanıb. Eyni zamanda, toplantının keçirildiyi günlər dünya üçün olduqca önəmli bir dövrə təsadüf edir. Çünki müxtəlif yerlərdə böhranlar və müharibələr davam edir, biz isə bu çətinliklərin öhdəsindən gəlməyə çalışırıq".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Avropa Birliyi işləri üzrə sabiq naziri Volkan Bozkır XII Bakı Qlobal Forumunda iştirakı zamanı deyib.
"Ötən gün cənab Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistana güvənə bilmirik. Halbuki sülhə yaxın bir nöqtədəyik. Bunun təsirilə dünən axşam aparılan müzakirələrlə anlaşmaya varıldı. Azərbaycanın hər problemi Türkiyə olaraq bizim də problemimizdir, onun üzüntüsü üzüntümüz, sevinci sevincimizdir. Çox həyəcanla gözləyirik", - deyə sabiq nazir əlavə edib.
Volkan Bozkır vurğulayıb ki, Zəngəzur dəhlizi açılmalıdır: "Bölgədə sülhün bərqərar olması üçün yollar açılmalıdır. Açılacaq yollar, sərhədlər və yeni əlaqələr bölgəyə sabitlik və iqtisadi rifah gətirəcək. Ermənistan hələ bunun faydalarının tam fərqində deyil, əslində, indiyə qədər çox şey itirib".