BAKI, 14 mart. TELEQRAF

Dünən Tacikistan və Qırğızıstan prezidentləri sərhədlərin delimitasiyasını özündə əks etdirən sazişə imza atdılar. 33 ildir aktual olan problem nəhayət öz həllini tapdı.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" panel müzakirələrində bildirib.

"33 il idi ki, problemlər yaşayırdıq. Həm torpaq, həm də su üstündə. Bu illər ərzində biz çalışırdıq ki, insanlar arasında etimad yarada bilək. Nəhayət, dünən buna nöqtə qoya bildik", - nazir vurğulayıb.

Keçmiş nazir əlavə edib ki, bu məsələnin həllində Azərbaycanın Cənubi Qafqaz regionunda nümayiş etdirdiyi siyasət onlar üçün nümunə olub.