BAKI, 14 mart. TELEQRAF

"Bu forum dünyanın müxtəlif yerlərindən insanlarla görüşmək üçün ən yaxşı məkanlardan biridir. Digər forum və ya konfranslarda bu imkanı həmişə əldə etmək olmur. Forum çox yaxşı təşkil olunub, Latviyadan gəldiyim üçün müxtəlif mədəniyyətlərlə yaxından tanış olmaq və onları dəyərləndirmək mənə çox maraqlıdır".

Teleqraf xəbər verir ki, bunu Latviya Respublikasının sabiq müdafiə naziri və keçmiş xarici işlər naziri Artis Pabriks XII Bakı Qlobal Forumunda deyib.

Sabiq xarici işlər naziri Azərbaycanla Erməninstan arasında sülh sazişindən də danışıb: "Bu proses Azərbaycanı və onun xalqını razı salacaqsa, bu, mükəmməl bir nəticə olacaq. Bizə sabitlik lazımdır, Qafqaz regionunda stabillik təmin olunmalıdır və hər bir ölkənin suveren hüquqları, sərhədlərinin toxunulmazlığı qorunmalıdır. Bu, ən vacib məsələdir".

O əlavə edib ki, getdikcə daha çox ölkənin güc tətbiq etməyə üstünlük verməsi yaxşı hal deyil.

"Hərbi sahəyə kifayət qədər diqqət ayırmayan və ya bu sahəyə laqeyd yanaşan ölkələr, xüsusilə, bəzi Avropa dövlətləri öz təhlükəsizliklərini təmin etmək üçün daha ciddi addımlar atmalıdırlar. Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Siz artıq iki onillikdir ki, ordunuza investisiya qoyursunuz və məhz bu, ölkənizi güclü və sabit edib", - deyə A.Pabriks söyləyib.