BAKI, 14 mart. TELEQRAF

"Bizə dünyada davamlı sülh lazımdır. Qarabağda artıq müharibə bitib və bunun üçün də hərbi qüvvədən istifadə edilib".

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya nizamında orta güclər” panel müzakirələrində Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.

"Dünyanın bir çox bölgələrində, məsələn, Azərbaycan və Ermənistan arasında hələ də davamlı sülh əldə olunmayıb. Bu mövzuda Kosovanı da misal göstərə bilərəm. Digər məsələlərə gəldikdə isə bizə kollektiv əməkdaşlıq lazımdır. Həll yolu yalnız buradan keçir. Ortamiqyaslı ölkələrə gəldikdə, Türkiyədən danışmaq istərdim. Türkiyə regional gücdür, Avropa və Asiya arasında körpü rolunu oynayır. BRICS və ŞƏT-də müşahidəçi ölkədir və İƏT-ə üzv dövlətdir. Bütün bunlar Türkiyənin strateji əhəmiyyətini vurğulayır. Biz də öz növbəmizdə bu amilləri nəzərə almalı və gücü tənzimləməliyik, qərəzsiz olmalıyıq. Xəstəliyin sağalmasında məlhəm olmalıyıq”, - Hikmət Çətin qeyd edib.