BAKI, 14 mart. TELEQRAF

"Azərbaycanla Ermənistan arasındakı münasibətlər ciddi şəkildə irəliləyir və düşünürəm ki, onlar sülh istiqamətində yaxınlaşırlar. Böyük bir dönüşüm olacaq. Məncə, artıq razılaşma vaxtı gəlib çatıb. Ümid edirəm ki, bu, baş tutacaq".

Bunu Teleqraf-a açıqlamasında İsrailin sabiq Baş naziri Ehud Olmert XII Bakı Qlobal Forumunda iştirakı zamanı deyib.

"Əvvəllər də burada bir neçə dəfə olmuşam, düşünürəm ki, bu, çox vacib bir konfransdır. Xüsusilə, bir çox müsəlman ölkələrindən iştirakçıların burada olması, Avropadakı konfranslardan fərqli bir təcrübədir. Avropada fərqli təmsilçilik var, burada isə başqa mədəniyyətlərdən olan insanlarla görüşmək fürsəti yaranır. Bu, çox yaxşıdır", - deyə Ehud Olmert deyib.

"Rusiya-Ukrayna müharibəsinin sülhlə başa çatmasının, ərazi bütövlüyünün tərəfdarıyam və Rusiya da daxil olmaqla bütün ölkələrin suveren hüquqlarını dəstəkləyirəm. Ümid edirəm ki, bu razılaşma uğurla həyata keçiriləcək. Mən bunu dəqiq bilmirəm, amma buna ümid edirəm", - deyə sabiq Baş nazir Rusiya-Ukrayna müharibəsindən danışarkən əlavə edib.