​BAKI, 13 mart. TELEQRAF

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində “Çoxqütblü dünyada çoxtərəfliliyə yenidən baxış” mövzusunda panel müzakirələrində iştirak və çıxış edib.

Bu barədə Teleqraf-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazir Ceyhun Bayramov çıxışı zamanı çoxqütblü beynəlxalq münasibətlər sistemində çoxtərəfliliyin zəifləməsinin səbəbləri, nəticələri, habelə mövcud vəziyyətin həlli yollarından bəhs edib.

Hazırkı dünya düzənində beynəlxalq hüququn norma və prinsiplərinin selektiv tətbiqi, bir sıra beynəlxalq institutların diqtə altında hərəkət etməsinin dövlətləri kollektiv həll yolları axtarışından uzaqlaşdırdığı diqqətə çatdırılıb. Bu şəraitin isə öz növbəsində yeni hərbi güc yarışları, qanlı münaqişələrdən çəkinməyi çətinləşdirdiyi, inklüziv iqtisadi inkişafın və bir sıra, o cümlədən iqlim dəyişikliyi kimi qlobal təhdidlərin birgə öhdəsindən gəlməyin qarşısını aldığı bildirilib.

Fəaliyyət göstərən beynəlxalq təşkilatların bir çoxunun əsasının İkinci Dünya müharibəsindən sonra həmin dövrün reallıqlarına uyğun şəkildə qoyulduğunu nəzərə alaraq, onların fəaliyyətinin yeni dövrdə aktuallığını bərpa etmək üçün atılacaq addımlar barədə düşünülməli olduğu vurğulanıb.

Qeyd olunanların fonunda mövcud vəziyyətdən çıxış yollarından bəhs edən nazir Ceyhun Bayramov ölkəmizin təcrübəsindən çıxış edərək Azərbaycanın tanıdığı, bizə dəyər verən və inanan tərəfdaşlarla yaxından işlədiyini, qarşılıqlı maraqların qorunması istiqamətində ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarını gücləndirdiyini diqqətə çatdırıb.

Beynəlxalq institutların fəaliyyətinə inamı bərpa etmək naminə onların işinin daha şəffaf, hesabatlı və praktiki şəkildə qurulmalı olduğu bildirilib.

Bir sıra, o cümlədən veto sistemi, maraqlar toqquşması kimi amillərdən iflic vəziyyətə düşən çoxtərəfli platformalarda müvafiq islahatlar ilə yanaşı, konkret məsələlər üzrə daha kiçik maraq qrupları, habelə regional üçtərəfli və ya dördtərəfli formatlar çərçivəsində əməli nəticələrin əldə edilə biləcəyi vurğulanıb.