BAKI, 18 may. TELEQRAF
"Ölkəmizdə həyata keçirilən tikinti və abadlıq layihələri müsbət nəticələr verir. Eyni zamanda yeni yaradılan bütün infrastruktur obyektlərində əlçatanlıq məsələsinə xüsusi diqqət yetirilməlidir"
Teleqraf xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə səsləndirib.
Onun sözlərinə görə, yeni tikilən binalar və infrastrukturlar hər bir insan üçün əlçatan olmalıdır.
Azərbaycanda gözəl tikililərin, uğurlu layihələrin olduğunu bildirən İ.Rizazadə vurğulayıb ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında xarici qonaqlara şəhərsalma məsələlərinin ictimai birliklər və dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində müzakirə olunub həll edilə bildiyi göstərilir.