BAKI, 22 may. TELEQRAF

Şəhər siyasətlərinin əksəriyyəti, o cümlədən mənzil siyasətləri gender perspektivini aydın şəkildə nəzərə almır. Bu siyasətlər və fəaliyyətlər qadınların bütün müxtəlifliyi ilə onların xüsusi ehtiyac və tələblərini tanımır.

Teleqraf xəbər verir ki, bu barədə Latın Amerikasının Qadınlar və Yaşayış Mühiti Şəbəkəsinin həmtəsisçisi Ana Falu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimində deyib.

O bildirib ki, çox vaxt bu siyasətlər həm də əməyin cinsi bölgüsünü gücləndirir, qadın əməyini dəyərsizləşdirir və ya qadınları “ailə” anlayışı içində görünməz hala gətirir:

“Biz öyrənmişik ki, mənzil məsələsindən sadələşdirilmiş şəkildə danışa bilmərik. Biz anlamalıyıq ki, şəhərlərdə, məhəllələrdə və ərazilərdə mənzil məsələsi bölünməzdir. Gender - həssas şəhərsalma və mənzil siyasətləri qadınların həyatında qayğı yükü və reproduktiv əməyin yaratdığı bərabərsizliklərin azaldılmasında əhəmiyyətli təsir göstərə bilər.

Qayğı əməyində və reproduktiv sahədə məhsuldar əmək dünyası ilə bir əlaqə, bir davamlılıq var. Biz bunu siyasiləşdirməli, prioritetləşdirməli və diqqətin mərkəzinə qoymalıyıq.

Qadınların siyasətin subyekti kimi nəzərə alınmaması gərginliklər və ziddiyyətlərlə dolu bir dünyada bərabərsizlikləri daha da dərinləşdirib və bu, xüsusilə bizim həyatımıza təsir göstərib”.