BAKI, 22 may. TELEQRAF

“Mənzil hüququna və “heç kəsi kənarda qoymayan şəhər” prinsiplərinə sadiqliyinizə görə bütün tərəfdaşlara səmimi təşəkkürümüzü bildiririk”.

Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində Qambiyanın paytaxtı Banjulun meri Rohey Malik Lou deyib.

O bildirib ki, yerli və regional hökumətlərin təşkilatlanmış platforması adından üzv dövlətlərə dialoqu mümkün etdiklərinə görə təşəkkür edir:

“Bakıdan dünyaya belə bir mesaj veririk: mənzil insan hüququdur və onun təmin edilməsi mühüm öhdəlikdir. Layiqli mənzil hamı üçün əlçatan və ədalətli ictimai xidmətlərlə birlikdə təmin olunmalıdır. Yerli və regional hökumətlərin isə öz töhfələrini tam verə bilmələri üçün adekvat maliyyələşməyə və siyasi tanınmaya ehtiyacı var”.

O, vurğulayıb ki, Yeni Şəhər Gündəliyi qlobal inkişafdakı bərabərsizliklər aradan qaldırılmadan irəli gedə bilməz:

“Bunun üçün güclü institutlar, səlahiyyətlərin mərkəzsizləşdirildiyi idarəetmə sistemi, eləcə də mənzil və torpaq siyasətində desentralizasiya vacibdir”.