BAKI, 22 may. TELEQRAF
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) yüksək səviyyəli rəsmi bağlanış mərasimi ilə başa çatıb.
Teleqraf xəbər verir ki, mərasimdə qlobal platformanın yekunları barədə BMT Baş katibinin müavini Əminə Məhəmməd, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər.
Tədbirin rəsmi hissəsində, həmçinin Qambiyanın paytaxtı Banjul şəhərinin meri Rohi Malik Lou, "Latın Amerikası Qadınlar və Yaşayış Mühiti" Şəbəkəsinin həmtəsisçisi Anna Falu, Asiya Mənzil Hüquqları Koalisiyasının Baş katibi Lacana Manandhar, UN-Habitat-ın Gənclər Məsləhət Şurasının üzvü Conatan Oriki Some və ADA Universitetinin dosenti Anar Vəliyev çıxış edərək forumun gələcək şəhərsalma siyasətinə təsirləri barədə fikirlərini bölüşüblər.
Bağlanış mərasimində forumun ev sahibliyi Azərbaycandan Meksikaya ötürülüb.
***
15:11
17-22 may tarixlərində Bakıda təşkil olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, mərasimdə Forumun 14-cü sessiyası (WUF14) ev sahibi tərəfinə təhvil verilir.
Qeyd edək ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunub.
Hər iki ildən bir UN-Habitat tərəfindən keçirilən Ümumdünya Şəhərsalma Forumu urbanizasiya məsələlərinə həsr olunan ən nüfuzlu qlobal konfrans hesab olunur. Forum dünyanın müxtəlif ölkələrindən geniş iştirakçı auditoriyasını bir araya gətirərək dünyanı narahat edən əsas şəhər problemlərini müzakirə edir.
Forumun 14-cü sessiyası Meksikada keçiriləcək.
FOTO: Elnur Muxtar