BAKI, 22 may. TELEQRAF

WUF13 indiyədək keçirilən ən böyük forum oldu və 176 ölkədən 58 044 iştirakçını bir araya gətirərək inklüziv dialoqun gücünü nümayiş etdirdi.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimində deyib.

O bildirib ki, WUF13-ə hazırlıq prosesində tətbiq olunan innovativ yanaşmalar, eləcə də ilk dəfə forum çərçivəsində təqdim edilən Liderlərin Bəyanatı seqmenti nazirlər tərəfindən yüksək qiymətləndirildi:

“Nazirlər Azərbaycan və UN-Habitat arasında gələcək Ümumdünya Şəhərsalma Forumlarının keçirilməsi üçün əməliyyat qaydalarının hazırlanması istiqamətində əməkdaşlıq niyyətini alqışladılar.

Nazirlər Azərbaycanın Prezidenti İlham Əliyevin uzaqgörən liderliyini, həmçinin UN-Habitat və icraçı direktor Anaklaudiy Rossbaxın adekvat mənzil və dayanıqlı urbanizasiya sahəsində beynəlxalq əməkdaşlıq üçün bu mühüm platformanı yaratmaq səylərini yüksək qiymətləndirdilər.

Mənzil inklüziv, dayanıqlı və davamlı şəhər inkişafı üçün əsas giriş nöqtəsi kimi ön plana çıxdı, insan hüququ və ləyaqət, eləcə də imkanların təməli kimi qəbul edildi. Şəhər problemlərinin bir-biri ilə əlaqəli olduğu, mənzil, nəqliyyat, infrastruktur, məşğulluq, iqlim fəaliyyəti və ictimai xidmətlər üzrə inteqrasiya olunmuş planlaşdırmanın vacibliyi vurğulandı. Həssas qruplara və qeyri-rəsmi yaşayış məntəqələrinə xüsusi diqqət ayrıldı. Təmiz havanın yalnız ekoloji məsələ deyil, həm də ictimai sağlamlıq, həyat keyfiyyəti və dayanıqlı şəhərsalma məsələsi olduğu qeyd edildi. Güclü çoxsəviyyəli idarəetmə, səlahiyyətləndirilmiş yerli hakimiyyət orqanları və proqnozlaşdırıla bilən maliyyələşdirmənin vacibliyi vurğulandı. Şəhər, bələdiyyə, iqlim və əlçatan mənzil maliyyələşdirilməsinə investisiyaların artırılmasının zəruriliyi qeyd edildi”.