BAKI, 22 may. TELEQRAF
Yeni Şəhərsalma Gündəliyinin icrasının ortamüddətli mərhələsini qeyd etdiyimiz bu vaxtda, Bakıdan gələn mesaj aydındır.
Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində deyib.
O bildirib ki, növbəti onillik sürətləndirilmiş icra, genişləndirilmiş fəaliyyət və insanların həyatında ölçülə bilən təsirlərlə xarakterizə olunmalıdır.
"Keçirilən altı dialoq, 10 xüsusi sessiya, 350-dən çox paralel tədbir və canlı sərgi eyni çağırışı gücləndirdi. Bizə insan mərkəzli şəhərsalma inkişafına əsaslanan kollektiv fəaliyyət lazımdır.
Birincisi, biz mənzil təminatını yenidən ictimai məsuliyyət kimi bərpa etməliyik. İkincisi, şəhərlərə və icmalara səlahiyyətlər verməliyik. Üçüncüsü, məcburi köçürülmələrə son qoymalı və həssas qrupları qorumalıyıq. Dördüncüsü, mənzil maliyyələşdirilməsini köklü şəkildə dəyişməliyik. Beşincisi, data sistemlərini gücləndirməli və qərarların etibarlı, icma tərəfindən məlumatlandırılmış sübutlarla yönləndirilməsini təmin etməliyik. Sonuncusu isə aydın hədəfləri, ölçülə bilən hesabatlılığı və icmalarla səmimi birgə yaradıcılığı olan icra sistemləri qurmalıyıq", - o vurğulayıb.